TƏHSİL FORUMU

Join the forum, it's quick and easy

TƏHSİL FORUMU
TƏHSİL FORUMU
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Aşağa gitmek
Admin
Admin
Admin
İsmarıc sayı : 186
Xal : 308
Kayıt tarihi : 03/08/10
Yaş : 41
Şəhər/ölkə : Azerbaycan,Yevlax

Təlim məqsədlərinin taksonomiyası: 1-ci hissə Empty Təlim məqsədlərinin taksonomiyası: 1-ci hissə

C.a. İyul 26, 2012 4:32 pm
Azərbaycan hökuməti 1999-cu ildə təsdiq olunmuş «AR-nın təhsil sahəsində İslahat Proqramına, Təhsil Nazirliyi tərəfindən hazırlanmış və müvafiq qaydada təsdiq olunmuş» Təhsil sektorunun inkişafı üzrə 10 illik (2003-2013–cü illər) Strateji plana əsaslanaraq təhsil sektorunda islahat həyata keçirilir.

Kurrikulum islahatı təhsil islahatının əsas istiqamətlərindən biridir.Bu sahədə görülmüş işlərin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 oktyabr tarixli 233 nömrəli qərarı ilə «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» konseptual sənədi təsdiq edilmiş, onun əsasında fənn kurikulumları hazırlanmışdır. Burada fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında müəyyən olunmuş və əsas diqqət şagirdin nümayiş etdirməli olduğu fəaliyyətlərə yönəldilmişdir. Milli Kurikulum sənədinin, eləcə də fənn kurikulumların elmi- psixoloji əsasını təlim məqsədlərinin taksonomiyası təşkil edir.

Taksonomiya – yunan sözüdür (taxus – qayda ilə yerləşmə+ romos – qanun deməkdir).Təlim məqsədlərinin taksonomiyası tədris prosesini elmi-metodik səviyyədə planlaşdırmaq və onun nəticəsini ölçmək imkanı verir. Prof. Ə.Əlizadə bu sahədə apardığı araşdırmalarında belə bir qənaətə gəlir ki, “Təlim məqsədlərinin taksonomiyası ayrı-ayrı fənlər və siniflər üzrə konkretretləşdirilməli, ədəbiyyat və fizika fənni üzrə spesifik cəhətlər elmi-metodik ölçülərlə müəyyənləşdirilməli, dövlət standartları və yaş normativləri kontekstində açıqlanmalıdır. Bu mühüm məsələni metodistlərimiz psixoloq və pedaqoqlarla birlikdə həll etməlidirlər”(1.150.)

Müxtəlif zamanlarda alimlər bu məsələyə diqqət yetirmiş, ona öz münasibətlərini bildirmiş və təhsil taksonomiyaları haqqında mülahizələr söyləmişlər. Təlim məqsədlərinin taksonomiyası 30-cu illərdən başlayaraq tədqiqat obyekti kimi müxtəlif alimlər tərəfindən araşdırılmış, koqnitiv proseslərin, intellektin strukturunu əks etdirən konseptual modellər yaradılmışdır. R.V.Tayler (1930), B.Blum (1956), G.Gilford (1967), Vilson (1967), Bruner (1979) və başqaları tərəfindən idrak (koqnitiv), emosional (affektiv), psixomotor (qeyri-iradi), fəaliyyətlər üzrə taksonomiyalar işlənilmişdir.Taksonomiyaların müəyyən olunmasında , ona aid təsnifatın aparılmasında yanaşmalar, demək olar ki, eyni olmuşdur.

Dünya pedaqoji psixologiyası təcrübəsində taksonomiya konsepsiyası Amerika psixoloqu B. Blumun adı ilə bağlıdır. Onun konsepsiyasında öyrənmə taksonları mahiyyətcə fon hadisəsi kimi özünü göstərir. Taksonomiyanın ağırlıq mərkəzi isə bilavasitə inkşaf taksonları ilə şərtlənir. Halbuki müasir təhsil nəzəriyyəsi “öyrənmə + inkişaf + mədəniyyət” taksonlarına xüsusi diqqət yetirməyi tələb edir. Lakin dünya təcrübəsində üç komponentli (“öyrənmə+inkişaf+mədəniyyət”) taksonomiya yaradılmayıb. Bu sahədə ilk uğurlu addım Azərbaycan psixologiyasında atılıb.

Kurikulumlarda fənlərin məzmunu bacarıqlar şəklində ifadə edilən təlim nəticələrindən (standartlardan) ibarətdir. Təhsil pillələri və hər bir sinif üzrə müəyyən olunmuş bu təlim nəticələrinin ( standartların) əsasında üç tərkibli taksonomiya durur.

“Məzmun standartı-təhsil alanların bilik , bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir” (6, 215). Məzmun standartları iki tərkib hissədən ibarətdir: bilik və fəaliyyət. Onların psixoloji əsasını “Üç tərkibli” taksonomiyanın “ÖYRƏNMƏ” və “INKIŞAF” səviyyələri təşkil edir. Məzmun standartları hazırlanarkən Ə.Əlizadə taksonomiyasının “Öyrənmə səviyyəsində” faktları, faktların seçilmə üsullarını, təsnifatı, qiymətləndirmə meyarlarını, və s. haqqında verilən biliklər əsasında mahiyyəti açıqlama, problemi həll edib müəyyən nəticələr əldə etmək üçün informasiyanı konkret hadisələrə tətbiq etmək kimi sosial, perseptiv, intellektual bacarıqların mənimsənilməsi nəzərdə tutulmuşdur. Taksonomiyanın öyrənmə səviyyəsi məzmun standartlarının ilk tərkib hissəsini təşkil edir.

“İnkişaf səviyyəsi” isə məzmun standartlarının fəaliyyət tərkib hissəsinin əsasını təşkil edir. Tənqidi təfəkkürün, fikrin müstəqilliyinin, ağlın dərinliyi, genişliyi, çevikliyi, sürətliliyi və qənaətcililiyinin, divergent və konvergenf təfəkkürün inkişafı sayəsində şagirdlərdə analiz, sintez, mücərrədləşdirmə, problemli situasiyalardan çıxış yolu tapmaq, və s. bu kimi başarıqlar formalaşır.

Beləliklə, şagirdlər təlim prosesində sadəcə öyrənmir, öyrənə-öyrənə inkişaf edirlər. Həmin prosesin son nəticəsində mədəniyyətə (hissi, ünsiyyət, kommunikativ, əxlaqi, iradi, milli-mənəvi, dünyəvi ), dəyərlərə malik şəxsiyyət kimi formalaşır. Hisslər mədəniyyəti, ünsiyyət mədəniyyət, kommunikativ mədəniyyət, əxlaqi mədəniyyət, iradi mədəniyyət, milli-mənəvi mədəniyyət, dünyəvi mədəniyyət- “Üç tərkibli” taksonomiyanın “Mədəniyyət” səviyyəsini təşkil edir.Təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi olan şagird nailiyyətlərinin qiymətləndirilməsi məhz “Mədəniyyət” səviyyəsini təşkil edən dəyərlərə istinad edir. Qiymətləndirmə Milli Kurrikulumun tərkib hissəsidir. Bu o deməkdir ki, “Üç tərkibli taksonomiya” Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyasının da elmi-psxoloji əsasını təşkil edir.

Milli Kurrikulum sənədinin “İbtidai təhsil üzrə ümumi təlim nəticələrinə” diqqət edək: (4.132) Bu təlim nəticələrindən birini Ə.Əlizadənin “Üç tərkibli” taksonomiyası baxımından təhlil edək. Standartlardan biri aşağıdakı kimi formulə edilmişdir: “Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında ilkin bilikləri sadə formada ifadə edir”

Bu bacarığa nail olmaq üçün şagird öncə “ÖYRƏNMƏ” səviyyəsində Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında ilkin biliklər əldə edir. Yəni faktları bilir, öyrəndikləri spesifik informasiyaları xatırlayır, anlama səviyyəsində yeni informasiyanın mənasını dərk edir, fikir yürüdür, tətbiq etmə səviyyəsində həmin informasiyanı fərqli situasiyalarda istifadə edir, dəyərləndirir.

Şagird öyrənilən informasiyanı daha yaxşı başa düşmək üçün “İNKİŞAF” taksonları sisteminin analizetmə səviyyəsində məlumatı bir-neçə hissəyə ayırır, tədqiqat aparır, müqayisə edir, əvvəlki biliklərə istinad edərərək yeni ideya və məlumatlar irəli sürür, ümumiləşdirir, faktları cəmləşdirir, tənqidi təfəkkürün, yaradıcı təxəyyülün əsasında Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında ilkin bilikləri sadə formada təqdim edir. Bu prosesin sonunda milli-mənəvi mədəniyyətə malik şagird formalaşır. Akademik A.O.Mehra-bovun təbirincə desək, şagird şəxsiyyətinin bütövlüyü formalaşır. Məqalədə təlim nəticələrindən yalnız biri taksonomiyalar baxımından təhlil edildi. Şagird bacarıqları şəklində ifadə edilmiş hər bir standartın əsasında “Üç tərkibli” taksonomiya dayanır. Ölkəmizdə təhsil islahatının aparıldığı hazırki şəraitdə təlim məqsədləri taksonomiyalarının daha geniş şəkildə tədqiqinə ehtiyac vardır.
Əvvələ qayıt
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.